Univerisitetin akt zalında keçirilən tədbiri giriş sözü ilə ali təhsil ocağının beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli açaraq ombudsman, onun “Naxçıvan” universitetində mövqeyi, ombusdmanın fəaliyyət sahələri və səlahiyyətləri haqqında geniş məlumat vermiş, tələbələrin Ombudsman aparatı vasitəsilə hüquqlarının müdafiəsindən bəhs etmişdir. Bildirilmişdir ki, “Naxçıvan” Universitetinin də iştirak etdiyi Erasmus Plus layihəsinə əsasən ali təhsil ocağında bu ildən etibarən Varşava modelinə uyğun Ombudsmanlıq ofisi yaradılmışdır.
Tədbirdə tədris hissəsinin müdiri Anar Abuzərli çıxış edərək bildirmişdir ki,ombudsmanın əsas vəzifəsi tələbələrə qeyri rəsmi və məxfi yardım göstərməkdir. Birtərəf olaraq xidmət göstərən ombudsman təşkilatın hər hansı bir fərdinə vəkillik edə bilməz, o sadəcə ədalətin tərəfdarıdır. O, tərəfləri məlumatla təmin edir və onları istiqamətləndirir, fərdlərin suallarına cavab tapmaqda kömək edir və aidiyyatı olan tərəflərə böhranlı vəziyyətin həlli yolunu tapmaqda yardım göstərir. Sonda beynəlxalq əlaqələr şöbəsi tərəfindən hazırlanmış bukletlər tələbələrə paylanılmışdır. Bukletlərdə ombudsman aparatı, aparatın fəaliyyəti və tələbələrin hüquqları əks olunmuşdur.