Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalayıb. Həmin sərəncamdan irəli gələrək “Naxçıvan” Universiteti Kitabxanası Sərgi və konfrans zalında Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabının müzakirəsi olub.
Tədbiri giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açaraqOxunması zəruri olan kitablar haqqında”imzalanan Sərəncamın əhəmiyyətindən danışmışdır.
Tədbirdə Universitet kitabxanasının müdiri, dosent Aypara Behbudovanın, Pedaqoji fakültənin dekanı, filalogiya üzrə fəlsəfə doktoru Nurlana Əliyevanın və Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə III kurs tələbəsi Könül Cəfərsoyun çıxışları dinlənilmişdir. Bildirilmişdir ki, böyük mütəfəkkir ədib Məhəmməd Tağı Sidqi görkəmli bir maarifçi və tanınmış yaradıcı şəxsiyyət kimi Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm yer tutur. Onun çoxcəhətli ədəbi-pedaqoji və elmi fəaliyyəti milli maarifçilik hərəkatının və ədəbiyyatımızın tarixində Seyid Əzim Şirvani dövrünün davamı, Abdulla Şaiq, Süleyman Sani Axundov mərhələsinin ərəfəsi və başlanğıcıdır. Beləliklə, M.T.Sidqinin çoxcəhətli fəaliyyəti maarifçi ədəbi-ictimai mühitin inkişafı tarixində xüsusi mərhələ təşkil edir. Bu mənada Məhəmməd Tağı Sidqi özündən əvvəlki maarifçi nəslin layiqli xələfi, sonrakı yaradıcı qüvvələrin isə ustadı və sələfidir. O da diqqətə çatdırılmışdır ki, M.T.Sidqinin pedaqoji fəaliyyəti Naxçıvan ziyalılarının diqqətini cəlb etmişdir. O, 1894-cü ildə Naxçıvan şəhərinə dəvət olunub “Tərbiyə” məktəbinin əsasını qoymuşdur. “Məktəbi-Tərbiyə”də dünyəvi elmlərin tədrisinə ciddi fikir verilmiş, rus dili və ədəbiyyatı da öyrədilmiş, tərcümə dərsləri təşkil olunmuşdur. “Tərbiyə” məktəbi Azərbaycan məktəbi tarixində ilk milli məktəblərdən biridir. Görkəmli pedaqoq, maarifçi-şair M.T.Sidqi elmi-pedaqoji dəyərə malik “Nümuneyi-əxlaq”, “Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi”, “Ərəb dilinin sərfi-nəhvi”, “Ədəbiyyat”, “Pedaqogika” adlı əsərlərin müəllifidir.
Ədib pedaqoji fəaliyyətlə yanaşı, insanları elmə, maarifə, tərbiyəyə səsləyən, onlarda təhsil almağa maraq oyadan ədəbi yaradıcılıqla da məşğul olub, “Məsnəviyyati-mənəviyyə” adlı mənzumə, “Kəblə Nəsir” mənzum hekayəsini, “Heykəli-insana bir nəzər” ədəbi-fəlsəfi traktatı, 20-dən çox hekayənin cəm olunduğu “Məktəb hekayələri”ni və 300-dən çox qəzəl qələmə alıb.