“Naxçıvan” Universitetində 2017-2018-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş konfransı keçirilib.Plenar iclası giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq hər bir gənci cəmiyyətin təşkil etdiyi tədbirlərdə daha fəal olmağa çağırmışdır. O, eyni zamanda Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirlərin rolunu yüksək qiymətləndirmiş, bunun da nəticəsində tələbələrimizin universitet daxili və universitetdən kənar müxtəlif tədbirlərdə qazandıqları uğurların günü-gündən artdığını xüsusi qeyd etmişdir. Rektor Tələbə Elmi Cəmiyyətinin tələbələrin universitetdə aparılan elmi-tədqiqat işlərinə cəlb olunmasına, elmi axtarışlar aparmaq vərdişləri əldə etmələrinə şərait yaradan bir qurum olduğunu vurğulamışdır. Bildirilmişdir ki,ali məktəblərdə tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini Tələbə Elmi Cəmiyyətləri yerinə yetirir. Məqsəd isə elmə, biliyə marağı olan tələbələri üzə çıxarmaq,onlara elmi-tədqiqat işlərinin aparılmasında kömək etmək və istiqamətləndirməkdən ibarətdir. Rektor onu da bildirmişdir ki, bu cəmiyyət eyni zamanda istedadlı və bacarıqlı tələbələrin üzə çıxmasında üzərinə böyük məsuliyyət götürmüşdür.Bu elmi arena tələbələrin nə qədər bilikli, bacarıqlı,elmə bağlı olmalarını nümayiş etdirmələri baxımından önəmlidir.
Sonda Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərində fərqələnən tələbələr qiymətli hədiyyə və diplomlarla mükafatlandırılmışlar. Mükafatlandırma mərasimini ali təhsil ocağının tədris işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu aparmışdır.